I Liqada V turun bu gün keçirilməli olan “İmişli” - “İrəvan” görüşü qonaq komandanın oyuna gəlməməsi səbəbindən baş tutmayacaq.
Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
Bildirilib ki, qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Qeyd edək ki, “İrəvan” futbolçuları məvaciblərini ala bilmədikləri üçün səfərə yollanmaqdan imtina ediblər.
13:02
“İrəvan” klubunun futbolçuları Azərbaycan I Liqasının V turunda “İmişli” ilə səfər oyununa çıxmayacaqlar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, komandanın oyunçuları qarşılaşmanı boykot ediblər.
Buna klubun futbolçulara məvacibləri ödəməməsi səbəb olub. Daha əvvəl maaşların ödənməməsinə görə məşqə çıxmaqdan imtina edən oyunçular bu dəfə oyunu boykot ediblər.
Klub son olaraq komandaya yarım ayın məvaciblərini ödəməyi təklif edib. Ancaq onlar bütün borcların bağlanmasını istəyiblər. Oyunçulara avqust və sentyabrın məvacibləri ödənməyib.
Rəhbərliyin tələbə müsbət yanaşmamasından sonra futbolçular səfər oyunu üçün İmişliyə getməmək qərarına gəliblər. Qarşılaşma bu gün saat 15:00-da başlanmalıdır. Lakin komanda İmişliyə yollanmayıb.
Problem həll edilməyəcəyi təqdirdə futbolçular qarşıdakı görüşləri də boykot etməyi planlaşdırırlar. Onlar məvaciblərin tam ödənməsini, zədəli oyunçuların əməliyyat xərclərinin qarşılanmasını, futbolçular üçün yaxşı məşq və istirahət şəraitinin yaradılmasını tələb edirlər.
Qeyd edək ki, dörd turdan sonra 10 xal toplayan “İrəvan” I Liqanın turnir cədvəlində vahid liderdir.
Vaqif Verdiyev