Deməzdim ki, Azərbaycan çempionatında qalib gəlmək asandır. Beş görüş keçirdim. Rəqiblərimin hər biri mənimlə məşq keçdiyi üçün yaxşı tərəflərimi bilirlər. Sadəcə, təcrübəm hesabına onlara qalib gələ bilirəm. Finalda isə əsas fəndimdən istifadə edərək rəqibimi məğlub etdim. Ola bilsin ki, görüşün tez başa çatması hər ikimizin tələskənliyi ilə bağlı idi (gülür).
Bunu Oxu.Az-a bu il Avropa Oyunlarının və Avropa çempionatının bürünc mükafatçısı, cüdoçu Məmmədəli Mehdiyev deyib.
Məmmədəli Mehdiyev 90 kq çəki dərəcəsində dünən Azərbaycan çempionu oldu. Bununla da o bu çəkidə növbəti dəfə hamıdan güclü olduğunu isbat etdi. Bəs Yaponiyada keçirilmiş dünya çempionatında medalsız qalması nə ilə bağlı idi? Suala 26 yaşlı idmançı belə cavab verdi:
“Mənə ən çox pis təsir edən fransız rəqibimlə (2011-ci ilin dünya çempionu Aksel Klerjeni nəzərdə tutur – S.M.) bürünc medal uğrunda görüş idi. Ona iki-üç dəfə qalib gəlmişdim. Həmişə onu yorub udurdum. Bu dəfə bronxlarıma güclü soyuq dəymişdi deyə, nəfəs ala bilmirdim. Ona görə də uduzdum.
Sözün düzü, Zaqreb Qran-Prisinə qədər öz çıxışımdan razı idim. Reytinqdə üçüncü yerdə gedirdim. Hər yarışdan da medalsız gəlmirdim. Amma Xorvatiyadakı çıxışımdan razı qalmadım. Ora təlim-məşq toplanışından yorğun getmişdim”.
Hazırda dünya reytinqində altıncı, Olimpiya sıralamasında isə 10-cu olan Məmmədəli Mehdiyev bu yerlə Tokio Olimpiadasına gedə bilir. Ancaq o bununla boşalmaq istəmir. Mehdiyevin sözlərinə görə, o, gələn il Olimpiadaya qədərki əksər yarışlarda iştirak etmək istəyir:
“İstəyirəm ki, çoxlu yarışa gedim. Sözün düzü, dünya çempionatında uduzduğum fransalı rəqibimdən qisas almaq istəyirəm. Ondan acığımı çıxmaq istəyirəm. Bir də medal üçün darıxmışam”.
Məmmədəli Mehdiyev ilin idmançısı adına layiq atletin adına da aydınlıq gətirib:
“Mənə görə ilin idmançısı Olimpiya idman növlərindən seçilməlidir. Hacı Əliyev, Rüstəm Orucov və Hidayət Heydərovun adlarını çəkərdim... Amma Mariya Stadnik də var. Onu unutmuşdum. Haqqına danışsaq, bu il o həm dünya, həm də Avropa çempionu (Avropa Oyunlarının qalibi Avropa çempionu statusu daşıyır – S.M.) olub. O, ikiqat dünya çempionudur. Bizdə isə heç bir dəfə də dünya çempionluğu yoxdur. Ona çatmağımıza hələ var. Legioner olsa da, Azərbaycan üçün bizdən çox əziyyət çəkib”.
Səbuhi Musayev