İtaliyanın "Sampdoriya" klubunda çıxış edən azərbaycanlı hücumçu Lorenzo Mezzotero əsas komandanın növbəti oyunu üçün heyətə daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçu baş məşqçi Luka D'Ancelonun B Seriyasının IX turunda "Askoli" ilə qarşılaşma üçün müəyyənləşdirdiyi 21 nəfərlik siyahıda yer alıb.
"Sampdoriya"nın U-19 komandasının kapitanı olan hücumçu mövsümə uğurlu başlayıb. O, "Primavera 2" çempionatında keçirdiyi altı oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Hazırda Mezzotero turnirin bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, İtaliyanın Monza şəhərində anadan olan Mezzotero uşaqlıq illərini Azərbaycanda keçirib. Atasının SOCAR-da işləməsi ilə əlaqədar 2014-cü ildə ailəsi ilə Bakıya köçən futbolçu futbola "Qarabağ"ın akademiyasında başlayıb. Daha sonra "Lion" və "Neftçi"nin akademiyalarında məşq edib.
Azərbaycan vətəndaşı olan futbolçu bu ilin iyununda U-21 millimizin heyətində ilk oyununu keçirib. O, iyunun 6-da Bəhreynlə yoxlama matçında (3:0) yığmamızın üçüncü qolunu vurub.