“Dekabrın 18-də Qazaxıstanın paytaxtı Nur-Sultanda böyük bir boks gecəsi təşkil edəcəyəm. Orada müqavilə ilə mənim boksçularım olan qazaxıstanlı Daniyar Yeleusinovla İvan Dıçko da mübarizə aparacaq. Daniyar IBO (Beynəlxalq Boks Təşkilatı) kəməri üçün vuruşacaq”.
Bunu Oxu.Az-a Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Ziya Əliyev deyib.
ABŞ-ın Mayami şəhərində yaşayan Z.Əliyev “Boxing Star Management” promouşn şirkətinin icraçı direktorudur. O, Qazaxıstan Peşəkar Boks Federasiyasından aldığı promouter lisenziyasına əsasən Nur-Sultan şəhərində boks gecəsi keçirəcək:
“Dekabrın 16-sı Qazaxıstanın müstəqilliyi günüdür. Qazaxıstanın SSRİ-dən müstəqilliyinin 30 illiyi münasibəti ilə bu döyüş gecəsini təşkil edəcəyəm. Bu döyüş şousunun təşkilatçısı və promouteri özüməm”.
Həvəskar boks üzrə Olimpiya mükafatçımız, üçqat dünya və Avropa çempionu Məhəmmədrəsul Məcidovun apreldə Hollivudda keçirilən Andrey Fedosovla döyüşdə ayağı sınmışdı. Ziya Əliyevin sözlərinə görə, Məcidov da bu gecədə iştirak edə bilər:
“Artıq o, sağalıb. İstəyirəm ki, Məhəmmədrəsul Məcidov da bu döyüş gecəsində iştirak etsin və zədədən qayıdışını burada gerçəkləşdirsin”.
Qeyd edək ki, 30 yaşlı Daniyar Yeleusinov həvəskar boks üzrə Olimpiya, dünya və ikiqat Asiya çempionudur. 31 yaşlı İvan Dıçko isə ikiqat Olimpiya, üçqat dünya mükafatçısı və Asiya çempionu olub. Hər iki idmançı peşəkar boksda hələ ki məğlubedilməzdir.

Səbuhi Musayev