Azərbaycanlı futbolçu Tərlan Əhmədli Avstriyada legioner karyerası yaşamağa yaxın olub.
Bu barədə Oxu.Az-a 23 yaşlı qapıçının özü məlumat verib.
O bildirib ki, Vyananın “Karabax” komandasına keçməyə yaxın olub:
“Mənim “Karabax”a keçməyimlə xarici menecer məşğul olurdu. Avstriyaya Şengen vizam da hazır idi. Bu ay həmin komandanın düşərgəsinə qoşulmalı idim. Ancaq sonra nə oldusa, keçid baş tutmadı. Bu, özümə də qaranlıq qaldı”.
Hazırda I divizion klubu “Xəzər”in qapıçısı olan Tərlan Əhmədli gələcək karyerası haqda bunları bildirib:
“Xəzər”lə müqaviləm başa çatıb. Yaxın günlərdə bu klubla mövsümün sonunadək nəzərdə tutulan yeni müqavilə bağlayacağam. Mövsüm boyu məşqlərində iştirak etdiyim “Keşlə” və ya “Kəpəz”ə keçmək variantlarım vardı. “Kəpəz”in məşqçisi Yaşar Vahabzadə məni U-21-i çalışdırdığı vaxtdan tanıdığından, birbaşa mənimlə əlaqə saxlamışdı. Lakin “Kəpəz”ə legioner qapıçı gətiriləcəyini eşitdiyimdən, üstəlik, “Xəzər” qış fasiləsindən sonra iddialı kluba çevriləcəyindən komandamı dəyişməmək qərarına gəldim”.

Qeyd edək ki, “Karabax” komandası azərbaycanlı Orxan Vəliyevə məxsusdur. Hazırda bu komandada azərbaycanlı oyunçulardan Elvin Bədəlov və Dmitri Nağıyev çıxış edir.
Səbuhi TOFİQOĞLU
www.oxu.az