Bu gün Bakı-2015 I Avropa Oyunlarına start verilib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, yarış sinxron üzgüçülərin mübarizəsi ilə başlayıb.
Bakı Su İdmanı Mərkəzində qüvvəsini sınayan duetlər təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetiriblər. Mərkəzin hovuzunda ümumilikdə 20 duet mübarizə aparıb.
Rusiyalılar Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalılar Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalılar Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) 3-cü pilləyə sahib çıxıblar.
Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.
Qeyd edək ki, iyunun 15-də keçiriləcək duetlərin yarışında final mərhələsi saat 10:00-da başlayacaq.
09:45
Bu gün Bakıda I Avropa Oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, sinxron üzgüçülüyün sərbəst rejim üzrə duetlər arasında təsnifat mərhələsi başlayıb.
20 duetin qatılacağı yarışda Azərbaycanı Tatyana Nikitina - Yekaterina Valiulina cütlüyü təmsil edəcək.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək.
Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək.
İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq.
On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb.
Günün proqramı:
Sinxron üzgüçülük
Bakı Su İdmanı Mərkəzi
09:00. Duetlər, təsnifat, sərbəst rejim
15:30. Komandalar, təsnifat, sərbəst rejim
Su polosu
Vaterpol Arenası
12:00. Qadınlar, A qrupu: Hollandiya - İsrail, Macarıstan - Almaniya
13:45. Qadınlar, A qrupu: Yunanıstan - Böyük Britaniya
13:45. Qadınlar, B qrupu: İspaniya - Serbiya
15:30. Qadınlar, B qrupu: Rusiya - Slovakiya, İtaliya - Fransa