IV İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançılara qalibiyyət zamanı təqdim olunacaq medallar oyunlara 35 gün qaldığı vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) tərəfindən nümayiş olunub.
Oxu.Az xəbər verir ki, xüsusi olaraq hazırlanmış medal dəsti “Bakı 2017” oyunlarının püşkatma mərasimindən sonra baş tutan tədbirdə gənclər və idman naziri və AİHOƏK-nin baş icraçı direktoru Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib.
Azərbaycan xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqo qızıl, gümüş və bürünc medalların mərkəzində yer alıb.
Ölkənin zəngin tarixini özündə xarakterizə edən bu elementlər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.
Medalların diametri 80 mm, qalınlığı 9 mm-dır.
Dörd qitənin islam ölkələrindən olan idmançılar 10 gün davam edəcək yarışlarda 20 idman növü üzrə mübarizə aparacaqlar.
Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış və Bağlanış Mərasimləri də daxil olmaqla Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına təxminən 500 min tamaşaçının gəlməsi gözlənilir.
Medalların dizaynı ilə bağlı Təşkilat Komitəsindən bildirilib ki, oyunların başlanmasına qısa vaxtın qaldığı dövrdə medalların təqdimatı mühüm hadisədir:
“Bu medallar İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri olan sülh, hörmət, mükəmməllik və birlik mesajlarını dünyaya çatdıracaq və qalib idmançılara təqdim ediləcək”
“İdman yarışları hər kəsi bir araya gətirərək sülh, hörmət və birlik ruhunu dünyaya nümayiş etdirəcək”, - deyə İHİF-in prezidenti, Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səud qeyd edib.
Xatırladaq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-ci il 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən tədbirdir.
E.Ə.
www.oxu.az