2011-ci ilin iyununda təməli qoyulan Bakı Olimpiya Stadionunda son tamamlama işləri başa çatmaq üzrədir.
Oxu.Az xəbər verir ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun tikinti işlərinin 95 faizi yerinə yetirilib.
Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa edilib. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir.
İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub.
Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik ərazidə yaşıllıq sahəsi salınır.
Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.
Qeyd edək ki, Bakıdakı Milli Olimpiya Stadionu UEFA-nın tikinti qiymətinə görə 7 tanınmış stadionlar arasında ikinci yeri tutub. Milli Olimpiya Stadionunun tikintisinə təqribən 500 - 710 mln. manat vəsait ayrılıb.
Bakı Olimpiya Stadionundan son görüntüləri təqdim edirik.
Çəkilişdə göstərdiyi köməyə görə Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinə minnətdarlığımızı bildiririk.
E.Ə.
FOTO: Nüsrət Abdullayev
www.oxu.az