Tədbirlər Planında bir çox işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.
Tədbirlər Planında Səbail rayonu üzrə görüləcək işlər üzrə Bakı şəhərində Su İdmanı Sarayının tikintisinin davam etdirilməsi, Bakı İdman Sarayının (Əl Oyunları Sarayının) əsaslı təmiri, rayon ərazisində idman meydançalarının yaradılması planlaşdırılır.
Bakının Binəqədi rayonunda isə Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün veloparkın tikintisi nəzərdə tutulub.
Tədbirlər Planında Nəsimi rayonunda Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri, Nizami rayonunda Gimnastika Kompleksinin tikintisinin davam etdirilməsi, Gimnastika Kompleksinin yanında məşq zalının və köməkçi qurğularının tikintisi, 8-ci km ərazisində yerləşən Tibbi Bədən Tərbiyəsi Dispanserinin əsaslı təmiri, avadanlıqlarla təchiz olunması, Sabunçu rayonunda Bakı şəhərində 65000 tamaşaçı tutumu olan futbol stadionunun tikintisinin davam etdirilməsi nəzərdə tutulub.