Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə”nin rəsmi açılış mərasimi baş tutub.
Oxu.Az-ın xəbərinə görə, açılışdan öncə Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhmətə getmiş mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlunun xatirəsi anılıb.
Daha sonra cüdo ilə bağlı videoçarx təqdim olunub. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açılış nitqində qonaqları salamlayıb.
ACF-nin yeni prezidenti Rəşad Nəbiyev isə bu fikirləri bildirib:
“Azərbaycanda və dünyada cüdo məşhur idman növlərindən biridir. “Böyük Dəbilqə” yarışı da cüdonun ənənəvi keçirilən yarışlarından biridir.
Azərbaycan oğulları 44 gün ərzində öz cəsarətini hərb meydanında göstərib. İndi bunu idman meydanında göstərməyin zamanıdır.
Bizim vaxtı ilə Elnur Məmmədli kimi Olimpiya çempionu, Elxan Məmmədov kimi dünya çempionlarımız olub. İndi də bu ənənəni cüdoda davam etdirmək lazımdır".
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer isə yarışın pandemiyaya görə tamaşaçısız keçirilməsinə görə təəssüfləndiyini bildirib.
Daha sonra Azərbaycan himni və IJF-in rəsmi mahnısı səsləndirilib.
Qeyd edək ki, axşam seansında Azərbaycandan Orxan Səfərov (-66 kq) və İçinxorloo Munxtsedev (-52 kq) final görüşünə çıxacaq.
Daha 3 idmançımız - Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi -60 kq) və Şəfəq Həmidova (-48 kq) bürünc medal görüşünə çıxacaq.
Səbuhi Musayev