Bakıda keçiriləcək futbol üzrə U-15 dünya çempionatı və festivalında qruplar müəyyənləşib.
Oxu.Az xəbər verir ki, FIFA-nın açıqladığı püşkün nəticələrinə əsasən, Azərbaycan millisi AF qrupunda yer alıb.
Yığmamız qrup mərhələsində Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor komandaları ilə qarşılaşacaq.
Ümumilikdə turnirdə 191 komanda 32 qrupda mübarizə aparacaq. Yarışın ilk oyunları oktyabrın 24-də, final qarşılaşmaları isə oktyabrın 30-da keçiriləcək.
Turnirdə komandalar 8x8 formatında mübarizə aparacaq və oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Qrup mərhələsindən sonra iştirakçılar altı performans səviyyəsinə bölünəcək və bütün komandalar turnirin son gününə qədər mübarizəni davam etdirəcəklər.
Yarış çərçivəsində ümumilikdə 943 oyun keçiriləcək. Qarşılaşmaların böyük hissəsi Hövsan Olimpiya İdman Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı ilk dəfə Azərbaycanda keçiriləcək. Turnirdə 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcəklər.