Turanə Hüseynli yazır...
Onun haqqında bu qədər film çəkilməsinin əsas səbəbi səsindən çox, qadın kimliyi arasındakı ziddiyyətdir.
"Maria"nın həyatında kinonun sevdiyi hər şey var: yoxsulluqdan və komplekslərdən yüksəliş, inanılmaz şöhrət, xarici görünüşündə radikal dəyişiklik, sənət uğrunda özünü amansızcasına işlətmək, səsinin tədricən zəifləməsi, mətbuatla konfliktlər, "La Skala" səhnəsi, Aristotel Onassis ilə çox məşhur və ağrılı münasibət, sonra tənhalıq və Parisdə keçən son illər. Yəni onun həyatını hansı nöqtədən götürsən, ayrıca film çıxır.
Və ən mühüm məqam isə odur ki, kriket ulduzu deyil, Mariya Kallas yalnız opera tarixinin yox, XX əsr məşhurluq mədəniyyətinin ilk böyük qadın ikonalarından biridir. Opera salonundan çıxıb tabloid dünyasına keçmişdi. Buna görə rejissor üçün o, həm "yüksək sənət", həm moda, həm qadınlıq, həm şöhrət, həm də məşhurluq mədəniyyəti haqqında danışmaq üçün ideal fiqurdur.
Üstəlik, Kallasın səhnədə oynadığı faciələr sanki sonradan öz həyatına keçir. Pablo Larrain də "Maria" ("Mariya") filmində bunu əsas xəttə çevirib.
Ancelina Colinin oynadığı "Maria" ("Mariya") (2024) klassik bioqrafik film deyil. Yəni Mariya Kallasın uşaqlığından başlayıb bütün həyatını ardıcıllıqla danışmır. Pablo Larrain daha maraqlı seçim edərək, Kallasın ölümündən əvvəlki son günlərinə girir və bütün keçmişinə onun yaddaşı, peşmanlıqları və xəyalları içindən baxır.
Film əsasən 1977-ci ilin Parisində keçir. Kallas artıq səhnələrdən uzaqlaşıb, səsi əvvəlki gücündə deyil, böyük şöhrət illəri geridə qalıb. Məncə, filmin əsl mövzusu da burada başlayır. Düşünün, bir insan bütün kimliyini istedadının üzərində qurubsa, həmin istedad əlindən getməyə başlayanda o, kimə çevrilir? Film Kallasın öz səsini yenidən tapmaq cəhdini həm hərfi, həm də metaforik mənada göstərir. Rejissor özü də filmi "öz səsini tapmağa və kimliyini anlamağa çalışan biri" haqqında film kimi təsvir edib.
Keçmişə dönüşlərdə onun böyük səhnələrini, şöhrətini, uşaqlığındakı ağrıları və xüsusilə Aristotel Onassis ilə münasibətini görürük. Haluk Bilginer Onassisi oynayır. Biz bunları tarixi bir hadisə kimi deyil, Kallasın indiki tənhalığının içində qalan xatirələr kimi izləyirik.
Filmdə reallıqla xəyal arasında sərhəd də qəsdən bulanıqdır. Bəzən Kallasın gördüklərinin həqiqətən baş verdiyinə, yoxsa onun zehnində yaşandığına tam əmin olmaq mümkün deyil. Bu da onun öz operasıdır sanki. Mariya öz həyatının son tamaşasını özü üçün səhnələşdirir.
Ona görə də bu filmə baxanda "Kallas haqqında hər şeyi öyrənəcəyəm" gözü ilə deyil, "şöhrət bitəndən sonra məşhur insanın içində nə qalır?" sualı ilə baxmaq daha maraqlıdır. Çünki belə bir qadın səsini itirəndə təkcə sənət alətini yox, özünü tanıdığı dili itirir. Səhnədə kim olduğunu bilən, alqışın içində öz mövcudluğunu təsdiqləyən biri üçün səsin yoxluğu sadəcə səssizlik deyil, kimliyin dağılması idi.
Məhz buna görədir ki, Kallas haqqında film çəkənlər onun "həyatını tam izah edə bildiklərini" heç vaxt hiss etmirlər. Çünki bütün filmlərdə həmişə cavabsız suallar qalır. Bəlkə də buna görə hər nəsil öz Mariya Kallasını yenidən çəkir.