Bakıda yerləşən 20 nömrəli uşaq poliklinikasının Qeydiyyat şöbəsində yaranan problem vətəndaşların narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, bu gün səhər saatlarında qeydiyyat şöbəsində yarım saatdan artıq gözləmələrinə baxmayaraq, növbə irəliləmir. Vətəndaş bildirib ki, ondan öndə beş nəfər olmasına və qeydiyyat üçün altı pəncərənin fəaliyyət göstərməsinə baxmayaraq, heç bir pəncərədə vətəndaşların qeydiyyata alınması mümkün olmayıb.
"Yarım saatdır 20 nömrəli uşaq poliklinikasının Qeydiyyat şöbəsində gözləyirəm. Məndən öndə beş nəfər var. Altı pəncərə var, hər birində eyni mənzərədir. Hamımız gözləyirik. Bizi qeydiyyata ala bilmirlər. Səbəb nədir, bəlli deyil", - deyə vətəndaş qeyd edib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) fakt təsdiqlənib.
"20 nömrəli uşaq poliklinikasında qeydiyyat prosesində baş verən müvəqqəti ləngimə ilə bağlı problem aradan qaldırılıb. Hazırda hər hansı çətinlik müşahidə olunmur. Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında, keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır.
Qeyd edək ki, digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı zaman bir müddətlik sözügedən sistemdə də ləngimələr qeydə alınır", - deyə məlumatda bildirilir.