Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, eləcə də Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.