Bakıda ilin son gimnastika çempionatları keçiriləcək.
Bu barədə Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi ilin son milli yarışları olacaq.
Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizəyə qoşulacaq.
Tamblinq yarışında uşaqlar (2013-15), yeniyetmələr (2011-12), gənclər (2007-10) və böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.
Batutda isə fərdi çoxnövçülükdə balacalar (2016), uşaqlar (2013-15), yeniyetmələr (2011-12), gənclər (2007-10), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. İştirakçılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayacaqlar.