Bu gün Bakıda paracüdo üzrə Qran-Prinin açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov açılış nitqi ilə çıxış edib:
“Bu gün “Ruhun zəfəri” şüarı altında Qran-Pri yarışı keçirilir. Ölkəmizdə mötəbər yarışların keçirilməsi belə bir turnirin Bakıya salınmasına səbəb olub. Dünyanın 35 ölkəsindən idmançılar bu yarışda iştirak edəcək”.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin nitqindən sonra hər iki şəxs bir-birini mükafatlandırıb. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edib:
“Belə yarışın keçirilməsinə görə hamını təbrik edirəm. Azərbaycanın çox zəngin cüdo tarixi var. Bizim saysız-hesabsız qəhrəmanlarımız var. Həmçinin, belə qəhrəmanlarımız paracüdoda da mövcuddur. Onlar artıq göstərdikləri nəticələri ilə özlərini sübut ediblər.
Paracüdoçularımızın hər birini Tokio Paralimpiya Oyunlarında görmək istərdik. Xahiş edərdim ki, tribunalarda olan azarkeşlər onları dəstəksiz qoymasın. Hamıya uğur, hamıya zəfər arzulayıram”.
Daha sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edib. Azərbaycan himni səsləndirildikdən sonra bədii hissə baş tutub.
Səbuhi MUSAYEV
Rəylər