ABŞ-nin "Kolambus Kryu" klubu "Barselona"nın və Portuqaliya yığmasının keçmiş yarımmüdafiəçisi Andre Qomeşi heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, azad agent qismində kollektivə qoşulan 32 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulan anlaşma imzalanıb. Tərəflər arasındakı müqavilədə müddətin daha bir il artırılması imkanını verən bənd də öz əksini tapıb.
Zəngin karyerası boyu Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya" və "Barselona", İngiltərənin "Everton", eləcə də Fransanın "Lill" komandalarının şərəfini qoruyan Qomeş bir sıra titullara yiyələnib. O, "Barselona"nın heyətində İspaniya La Liqasının qalibi (2017/18) olmaqla yanaşı, iki dəfə Kral Kubokunu və bir dəfə ölkə Superkubokunu başı üzərinə qaldırıb.
Portuqaliya milli komandasının formasını 29 görüşdə geyinən təcrübəli futbolçu 2016-cı ildə Avropa çempionluğu sevincini yaşayıb.
Xatırladaq ki, "Kolambus Kryu" klubu bu yaxınlarda Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni də heyətinə cəlb edib. N.Axundzadənin ABŞ klubu ilə imzaladığı müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Okeanın o tayı təmsilçisi bu transfer qarşılığında "Qarabağ"a 1 milyon avrodan bir qədər artıq vəsait ödəyəcək.
