"Qarabağ"ın futbolçusu Bense Varkonyi Macarıstan millisindən ilk dəfə dəvət alması barədə fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, 24 yaşlı müdafiəçi bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
Macar futbolçu milli komandaya çağırılmasından böyük sevinc hissi keçirdiyini bildirib:
"Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım. Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi".
Yay transfer dönəmində "Qarabağ"a qoşulan müdafiəçi Ağdam klubuna keçidinin milli komandaya çağırılmasında rol oynadığını vurğulayıb:
"Bəli, yayda "Qarabağ"a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar. Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram".
Varkonyi həm komanda, həm də fərdi hədəflərinə çatmaq üçün bundan sonra da çalışacağını qeyd edib:
"Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm".
Qeyd edək ki, Macarıstan millisi UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı, sentyabrın 28-də Şimali İrlandiyanı, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.