Türkiyənin ən titullu klublarından olan "Qalatasaray" yeni mövsümdə həm daxili çempionatda, həm də UEFA Çempionlar Liqasında uğur qazanmaq məqsədilə transfer bazarında ciddi addımlar atmağa başlayıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" bu dəfə dünya futbolunun tanınmış simalarından biri, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən portuqaliyalı ulduz Bernardo Silvanı transfer etmək niyyətindədirlər.
"Qalatasaray" rəhbərliyi bu transferi reallaşdırmaq üçün tanınmış menecer Qardi ilə iş birliyinə başlayıb. Tərəflər arasında ilkin razılıq əldə olunub. Ulduz futbolçunun cavabı isə belə olub: "Klublar anlaşarsa, niyə də olmasın?!"
30 yaşlı Bernardo Silvanın "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır. Onun hazırkı transfer dəyəri təxminən 40 milyon avro civarındadır. Portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 33 matçda meydana çıxaraq dörd qol və dörd assistlə yadda qalıb. Çempionlar Liqasında isə doqquz oyuna çıxmasına baxmayaraq, məhsuldar nəticə göstərə bilməyib.
İngiltərə mətbuatı Silvanın "Mançester Siti"nin gələcək planlarında yer almadığını qeyd edir. Bu da onun yay transfer pəncərəsində klubdan ayrılmaq ehtimalını daha da artırır.