Bakı Olimpiya Stadionu “Qarabağ” – “Arsenal” oyunundan sonra azarkeşlərin stadionu tərk etməsi ilə bağlı yaranmış problemə münasibət bildirib.
Sözügedən obyektin mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva Oxu.Az-a açıqlamasında bunları deyib:
“Yayılan video stadionun ərazisində çəkilməyib. Bu körpü stadionun kənarında yerləşir. Əslində mən başa düşmürəm ki, orada bu xaos niyə yaranır? Gediş-gəliş sistemi 68700 tamaşaçı üçün nəzərdə tutulub. Bu səbəbdən Olimpiya sistemi metrodan lazımi məsafədə yerləşib ki, dava, basabas yaranmasın.
Azarkeşlər üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə avtobus təşkil olundu, metronun iş qrafiki uzadıldı, tamaşaçılar üçün ictimai dayanacaq fəaliyyət göstərdi. Biz də istəyirik ki, azarkeşlər evlərinə sağ-salamat gedib çata bilsinlər”.
O bildirib ki, belə xaotik vəziyyət şəhərin istənilən hissəsində yaşana bilər:
“Yenə qeyd etmək istərdim ki, bu, stadiondan kənarda yerləşən ərazidə olub. Sadəcə azarkeşlərdən ictimai təhlükəsizlik qaydalarına riayət etmələri gözlənilir”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının növbəti iki oyununu da Bakı Olimpiya Stadionunda keçirəcək.
15.25
“Qarabağ” - “Arsenal” oyunundan sonra azarkeşlərin stadionu tərk etməsində problem yaşanıb.
Oxu.Az xəbər verir ki, görüşün keçirildiyi Bakı Olimpiya Stadionunu tərk etmək istəyən azarkeşlər məcburiyyətdən körpüyə dırmaşmalı olub.
Qeyd edək ki, “Qarabağ” - “Arsenal” oyununa 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılmışdı.
Azarkeşlər stadiona giriş və çıxışda çətinliklərlə üzləşiblər.