FIFA prezidenti Canni İnfantino yaxın vaxtlarda vəzifəsini tərk edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Romen Molina sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, 56 yaşlı funksionerin təşkilat daxilində nüfuzu sürətlə azalır. Buna əsas səbəb kimi futbol üzrə dünya çempionatının kommersiya hüquqları ilə bağlı yaranmış qalmaqal göstərilir.
Mundialın kommersiya hüquqlarının bir hissəsinin "FIFA Forward Enterprise" (FFE) adlı şirkətin yaradılması yolu ilə özəl investorlara satılması planı geniş narazılığa səbəb olub.
UEFA FIFA-nın himayəsi altında keçirilən turnirləri, o cümlədən dünya çempionatını boykot etmək qərarına gəlib. Bu qərarı təşkilatın bütün 55 üzvü dəstəkləyib.
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da FIFA-nın təklifini rədd edib. Asiya Futbol Konfederasiyası isə beynəlxalq qurumda idarəetmə islahatlarına çağırıb.
Bildirilir ki, FIFA rəsmiləri artıq İnfantinonun tam nəzarətində deyil və bu vəziyyət onun inzibati dəstək olmadan yenidən prezident seçilməsini çətinləşdirir.
İnfantinonun istefası 2015-ci ildə baş verən korrupsiya qalmaqalından sonra dünya futbol idarəçiliyində ən böyük sarsıntılardan biri ola bilər. Həmin qalmaqaldan sonra o, FIFA prezidenti postunda Yozef Blatteri əvəz etmişdi.
Xatırladaq ki, bir müddət əvvəl İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığı məlum olub. FIFA-dan bildirilmişdi ki, bu sxem 4.2 milyard dollar cəlb etməyə imkan verə bilər.