Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş medal qazanıblar.
“Report”un məlumatına görə, Hidayət Heydərov və Zelim Tçkayev birinci, Ömər Rəcəbli isə ikinci yeri tutub.
73 kiloqram çəkidə bütün rəqiblərindən güclü olan Hidayət Heydərov finalda Abubakr Şeronu (Tacikistan) da üstələyərək, növbəti dəfə “Böyük Dəbilqə”nin qalibi olub.
81 kiloqram çəkidə isə Azərbaycan finalı baş tutub. Həlledici görüşdə komanda yoldaşı Ömər Rəcəbliyə qalib gələn Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ö.Rəcəbli isə gümüş mükafata yiyələnib.
Digər cüdoçu Rəşid Məmmədəliyev (73 kiloqram) bürünc medal uğrunda dueldə Artur Marqelidona (Kanada) uduzub.
Qeyd edək ki, ilk gündə Azərbaycan cüdoçuları Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
18:15
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda tacikistanlı Abubakr Şerova qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.
Millinin digər üzvü Rəşid Məmmədəliyev (73 kiloqram) isə üçüncü yer uğrunda görüşdə kanadalı Artur Margelidona məğlub olub.
Bu gün Azərbaycanın digər cüdoçuları - Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kiloqram) qızıl medal görüşünə çıxacaqlar. Onlar öz aralarındakı qarşılaşmada birinci yerin sahibini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal əldə ediblər.
Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.
15:00
Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Oxu.Az-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycan yığmasının üç cüdoçusu finala yüksəlib.
Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kq) bütün rəqiblərinə qalib gələrək, həlledici görüşdə iştirak hüququna yiyələniblər.
H.Heydərov yarımfinalda komanda yoldaşı Rəşid Məmmədəliyevi məğlub edib. R.Məmmədəliyev bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.
Ömər Rəcəbli ilə Zelim Tçkayev isə finalda üz-üzə gələrək, qalibi müəyyənləşdirəcəklər.
Bu gün yarışa qoşulan digər cüdoçular Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nurlan Osmanov (73 kq), İbrahim Əliyev (73 kq) və Səid Mollayi (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
10:32
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün Azərbaycanın daha doqquz cüdoçusu tatamiyə çıxacaq.
Onlar dörd çəki dərəcəsində fəxri kürsüyə qalxmağa çalışacaqlar. Yalnız Nurlan Osmanov 1/32 finaldan mübarizəyə qoşulacaq. Digər səkkiz idmançı 1/16 finaldan görüşlərə başlayacaq.
Aytac Qardaşxanlı (63 kq) - Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final
Günel Həsənli (70 kq) - Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final
Hidayət Heydərov (73 kq) - Karim Adarvez (Argentina): 1/16 final
Rəşid Məmmədəliyev (73 kq) - Tohar Butbul (İsrail): 1/16 final
Nurlan Osmanov (73 kq) - Xorxe Qarsiya (İspaniya): 1/32 final
İbrahim Əliyev (73 kq) - Sulayman Hamad (Səudiyyə Ərəbistanı): 1/16 final
Ömər Rəcəbli (81 kq) - Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final
Səid Mollayi (81 kq) - Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final
Zelim Tçkayev (81 kq) - Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final
Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusundan yalnız ikisi - Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) - bürünc medal qazanıb.
Rəylər