Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Böyükağa Ağayev "Səbail" və "Kəpəz"in geriləməsinə münasibət bildirib
Azərbaycan Respublikasının Əməkdar məşqçisi Böyükağa Ağayev Premyer Liqada çıxış edən "Səbail" və "Kəpəz"in geriləməsini tez-tez baş verən məşqçi dəyişikliyi və infrastruktur əskikliyi ilə əlaqələndirib.
Bu barədə Oxu.Az-a açıqlama verən Böyükağa Ağayev Gəncə şəhərində infrastruktur yaradılmasının da vacibliyini vurğulayıb.
"Klubların zəif çıxışı, adətən futbolçuların məşqçinin tapşırığını düzgün yerinə yetirməməsi ilə bağlı olur. Amma "Səbail" və "Kəpəz"də vəziyyət bir az fərqlidir. Bu klublarda tez-tez məşqçi dəyişikliyinin olması nəticəyə təsir edir. Hazırda "Səbail"in heyətində çıxış edən futbolçular Şahin Diniyevin dövründə transfer olunduğu üçün Cavid Hüseynovun oyun prinsipinə əks ola bilər. Bu da nəticəyə təsir göstərir.
Eyni sözləri "Kəpəz"ə də aid edə bilərik. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir və "Kəpəz"in Azərbaycan Premyer Liqasını tərk etməsi yaxşı olmaz. Amma hazırda bu klubun stadion və baza kimi problemləri var. Ən qısa müddətdə Gəncədə yeni stadion və baza istifadəyə verilməlidir. Bu şəhər çox sayda futbol mütəxəssisi yetişdirib. Belə bir şəhərin futbolsuz qalması, Azərbaycan futbolunun gələcəyi üçün yaxşı olmaz.
"Səbail"in isə bazası və stadionu olmasına baxmayaraq, autsayder qismində çıxış edir. Könül istəyərdi ki, heç bir klubumuz Azərbaycan Premyer Liqasını tərk etməsin, amma idman prinsipləri buna imkan vermir. Hələ ki, qarşıda çox oyun var. Qış fasiləsi başa çatdıqdan sonra komandaların toparlanma ehtimalı yüksəkdir", - deyə B.Ağayev bildirib.
Anar Həsənov
Rəylər