Braziliya yığma komandasının baş məşqçisi Lusi Felipe Skolari ev sahibi olduqları Dünya Çempionatında dördüncü yeri tutduqları üçün istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə iyulun 14-ü Braziliya nəşri “Globo” bildirib.
Braziliya Futbol Konfederasiyası (CBF), Skolari və məşq qərargahının digər üzvləri, eləcə də texniki direktor Karlos Alberto Parreyru ilə müqaviləni uzatmamağı qərara alıb. Rəsmi olaraq bu barədə bazar ertəsi elan ediləcək. Skolari özü isə əvvəlcədən bildirmişdi ki, CBF müvafiq qərar qəbul etsə istefa verəcək.
Ev sahibi olduqları çempionatın yarımfinalında braziliyalılar böyük bir hesab fərqi ilə 1:7 Almaniya yığmasına məğlub olublar. Bu, Braziliya yığmasının Dünya Çempionatları tarixində ən böyük məğlubiyyəti idi. İyul ayının 13-də beşqat dünya çempionu olan Braziliya komandası üçüncü yer uğrunda mübarizədə Niderland komandasına 0:3 hesabı ilə məğlub olub.
Skolari Braziliya yığmasına 2012-ci ilin noyabr ayından başçılıq edir. O dövrdən komanda 28 matçda 3 məğlubiyyət yaşayıb və yerli konfederasiyalar kubokunun qalibi olub.