Braziliyada U-20 qadın futbolçularının iştirakı ilə keçirilən final matçı kütləvi dava ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın "ge.globo.com" nəşri məlumat yayıb.
San-Paulu ştatının U-20 qadınlar çempionatının finalında "Ferroviária" və "Korintians" komandaları üz-üzə gəlib. Araraquara şəhərindəki "Fonte Luminosa" stadionunda keçirilən qarşılaşmada hesab 2:0 olarkən, ikinci hissənin 31-ci dəqiqəsində futbolçular arasında mübahisə davaya çevrilib.
"Ferroviária"nın Miga ləqəbli futbolçusu rəqib oyunçu Gabi Jordinin müdaxiləsindən sonra ona zərbə endirib. Ardınca meydanda yumruq və təpiklərin havada uçuşduğu qarşıdurma yaşanıb. Mübahisəyə qoşulan "Korintians"ın Mel adlı futbolçusu zərbə alaraq yerə yıxılıb.
Hadisədən sonra Miga ilə yanaşı, "Korintians"ın baş məşqçisi Júlia Passero və ehtiyat oyunçusu Emy də hakim tərəfindən meydandan qovulub. Qarşılaşma təxminən altı dəqiqəlik fasilədən sonra bərpa olunub.
Nəticədə "Ferroviária" 2:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub. Bu, komandanın U-20 qadınlar üzrə San-Paulu çempionatında üçüncü qələbəsidir.
Qeyd edək ki, "Korintians" hadisə ilə bağlı polisə müraciət edəcəyini və San-Paulu Futbol Federasiyasına rəsmi şikayət göndərəcəyini açıqlayıb. Federasiya da baş verənləri pisləyərək hadisəyə dair müvafiq orqanlara təqdimat veriləcəyini bildirib.