"Fluminense"nin qapıçısı Fabio (Fabio Deyvison Lopes Masiel) peşəkar futbolda matçların sayına görə rekord qırıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
44 yaşlı qolkiper Cənubi Amerika Kubokunun 1/8 final mərhələsində Kolumbiyanın "Amerika De Kali" komandası ilə oynayıb və qapısını toxunulmaz saxlayıb. "Fluminense" 2:0 hesabı ilə qalib gəlib.
Fabio üçün bu oyun onun karyerasında 1391-ci olub. Bununla da o, peşəkar səviyyədə 1390 matç keçirən (1966-1997-ci illər) əfsanəvi ingilis qapıçı Piter Şiltonun rekordunu yeniləyib. Şilton karyerasını 49 yaşında bitirib.