Səbuhi Musayev yazır...
Futbol milli komandamız. Əgər buna komanda demək mümkünsə, qoy elə olsun komanda. 11 nəfərdən ibarət komanda belə olursa, qoy elə biz də futbolçularımızdan qurulan birliyi komanda adlandıraq.
Amma vallahi komanda anlayışına tüpürməkdir bu. Komanda məfhumu belə olmur. Komanda dediyin 7 hərfdən ibarət sözdür və bu komandanın tərkib hissəsi ilk yarıda rəqibin başına kimi ayağını qaldırıb onu şikəst etməyə çalışmır. Və ya qırmızı vərəqə alaraq komandasını azlıqda qoymur. Bunu edən komandanın tərkib hissəsi yox, ən yaxşı halda hissəciyi ola bilər.
Ümumiyyətlə, hansı komandada Tellur kimi futbolçu olarsa, bilin ki, onun köməyindən çox, ziyanı dəyə bilər. Tellur da futbolçu sayılır, İsveçə 2 qol vuran millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Kviça da? 20 yaşlı bu gənc 2 il əvvəl Moskvada “Lokomotiv”ə icarə əsasında keçəndə, daha sonra “Rubin”ə transfer olunanda, bizim Tellur nə edirdi? Yox, qənddandan qənd oğurlamırdı, amma 24 yaşında xaricə getmək barədə yox, “Zirə” ilə yeni müqavilə bağlamaq haqda düşünürdü. Telluru çox qaralamayım, üzərindəki büllur düşər...
Milliləşdirilən xorvat Filip Ozobiç yığmada niyə oynamır? Niyə “Qarabağ”da oyunu alınır, niyə çempionatda ən çox qol vuran ikinci futbolçu olur, amma millidə düz-əməlli çıxış etmir? Mahir Emreli niyə millidə qol vura bilmir? Axı, o, dünən “Lester”ə, “Napoli”yə qol vuran futbolçumuz idi. Bəlkə heç əlcək kimi hər il dəyişdiyimiz baş məşqçidə də deyil səbəb. Bəlkə bir sistem haqda da düşünək. Futbola yatırılan pulların fonunda uşaq yetişdiririk ki, gəlib Bakıda öz azarkeşlərinin gözü önündə ayağını yerə qoyub topla oynasın. Daha ayağını qaldırıb kiminsə başı, bədəni ilə yox.
Düşünməliyik. Biz necə bu günlərə düşdük ki, Malta, Lüksemburq kimi yığmalara qalib gələ bilmirik? İş necə o hala gəldi ki, Lüksemburq qrupda üçüncü sırada gedir, biz isə sonuncu yerlə kifayətlənirik? Bəlkə elə götürüb öyrənməli olduğumuz məhz bu cırtdanların sistemidir? Nə olsun, onlar kimi cırtdan ölkə deyilik, amma futbolumuz ki cırtdandır...
İndiki halda bu, komanda deyil. Özünüz deyin, bu da komanda sayılır, Gürcüstan da? Canni, de (da) Byazi, bu, dəqiq komandadır?
P.S. İşin tərsliyinə bax ki, bizim çempionatın bombardiri, yəni ən sərrast futbolçusu da İspaniya ilə dünya çempionatına çıxmaq uğrunda mübarizə aparan İsveçi yenən Gürcüstan millisinin heyətindəki Davit Volkovidir.