Hər kəsin ailəsi var. Hər kəsin 4, 5, 10 nəfərdən ibarət kiçik dövləti var, amma bu ailənin üzvləri necədir, səmimidirlər, mehribandırlar? Heç olmasa yola gedə bilirlər? Ailə başçısı kiçik dövlətini necə yönləndirir?
Bu gün bir ailədən gördüklərim və eşitdiklərimi danışacam. Bu ailədə 4,5 nəfər yox, təxmini 20, 30, 40 nəfər var. Bu ailənin müdafiəçisi, yarımmüdafiəçisi, hücumçusu, qapıçısı, mətbuat katibi, meneceri və baş məşqçisi var. Onları 2007-ci ildən tanıyıram. Həmişə evlərinə qonaq gedəndə gələn qonağı necə qarşılamaqları mənə xoş idi.
Süni səmimilikdən uzaq olan bir ailə. Komandasından tutmuş, adi sıravi işçisinə kimi bu ailənin o qədər xoş siması və təbii gülüşü olan fərdləri var ki, sözlə başa salmaq mümkün deyil. Bunu özünüz görməlisiniz.
İnsan həmişə çalışır ki, irəlidə olsun, inkişaf etsin. Bu, rəqabətsiz mümkün deyil təbii ki. Amma baxır bunları necə: sağlam şəkildə, ya kimisə danlayaraq, incidərək və ya yox sayaraq edirmi? Təbii ki bir komandadan söhbət gedir. Bir yerdə ki iki rəqib var, deməli orda rəqabət də olacaq. “Qarabağ” komandası, “Qarabağ” ailəsinin oyunları göz qabağındadır. Özünün adi jestləri, hərəkətləri, dediyi ifadələri ilə seçilən, örnək komandadır.
Medianı gülüşlə qarşılayan, bir işin hamının könlüncə olmasını təmin edən Nurlan İbrahimov, komandanın problemi olan kimi ilk müraciət olunan şəxs Asif Əsgərov, nəhayət, ciddi baxışları, gülüşü ilə seçilən Qurban Qurbanov – bir qalibiyyətdə hamının əziyyəti olur, ona görə də bu gün hamınız qalibsiz, hamınız çempionsuz.
Örnək olmaq çətindir, amma “Qarabağ” örnəkdir. Güclü olmaq çətindir, amma “Qarabağ” güclüdür. Səmimi olmaq çətindir, amma “Qarabağ” səmimidir. Çempion olmaq çətindir, amma “Qarabağ” çempiondur. Bu gün onların günüdür. Əziyyətin sonu bax, budur.
Komandanın atası, dostu, rəhbəri, müəllimi Qurban Qurbanov öz övladlarına, dostlarına, komandasına örnək olan ailə qurub. Çempionluq sizə yaraşır. Bu ailə əziyyət çəkdi və bəhrəsini gördü.
İndi rahat oturub limonlu, şəkərli çayımı içə bilərəm, çünki komandam qalibdir.
Nərmin Kazımova
www.oxu.az