Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Çempionlar Liqası həyəcanı: "Qarabağ" - "Dinamo" matçının biletləri sabahdan satışda
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən faydalanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər qarşılaşmanın biletlərini iTicket.az-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-i, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.