Türkiyə millisinin hücumçusu Cenk Tosun “Everton”a keçidindən danışıb.
Oxu.Az xəbər verir ki, o, Liverpul klubuna məxsus TV-yə müsahibəsində maraqlı məqamlara toxunub:
“Everton”un oyunçusu olmaq gözəl hissdir. Burada olmaqdan şadam. Mümkün olduğu qədər tez “Everton” üçün oynamaq istəyirəm. “Everton” böyük tarixi və mədəniyyəti olan klubdur. Fanatlara necə oyunçu olduğumu göstərməyə çalışacağam. Mən bura bacarıqlarımı gətirmişəm. İnanıram ki, Premyer Liqada “Everton” üçün yaxşı oyunçu ola bilərəm”.
Tosun onu da bildirib ki, Premyer Liqada oynamaq üçün onun fiziki gücü kifayət edir:
“Premyer Liqa güclü çempionatdır. Bilirəm ki, fiziki gücüm mənə burada kömək edəcək. Hər iki ayağımdan istifadə edə bilirəm və inanıram ki, yaxşı hücumçu olacağam. Komanda yoldaşlarımla məşq etməyi və onları tanımağı və əlbəttə ki, mümkün olduğu qədər tez onlarla oynamağı səbirsizliklə gözləyirəm. “Totenhem”lə oyun mənim üçün ilk olacaq və mən artıq indidən həyəcanlıyam. “Everton”da, həqiqətən, çox böyük adlar, yaxşı oyunçular var. Mən Ueyn Runi kimi oyunçulardan çox şey öyrənəcəyəm. Onlar mənə qol vurmaqda kömək edəcəklər. “Everton”un oyunlarına Türkiyədən baxmışdım. Ona görə də komandanı bir az tanıyıram”.
“Beşiktaş”ın sabiq futbolçusu olan Cenk Tosun “Everton”a keçmə səbəbini də açıqlayıb:
“Baş məşqçi və klub məni heyətə qatmağı çox istəyirdi deyə burdayam. Sem Elerdays qərarımda böyük rol oynadı. O dedi ki, məni komandasında görmək istəyir və bu da “Everton”a gəlməyim üçün böyük səbəb oldu”.
S.T.
www.oxu.az