Azərbaycanlı kikboksçu Çingiz Əlləzov “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempiondur.
1993-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olan idmançı 2009-cu ildən - 16 yaşından “K-1” yarışlarında peşəkar səviyyədə məşğul olur.
Karyerası ərzində keçirdiyi görüşlərin 60-da qələbə qazanıb, cəmi 5-də məğlub olan döyüşçü avqustun 5-də, səhər saatlarında, Tailandda ermənistanlı Marat Qriqoryanla üz-üzə gələcək.
Bu yaxınlarda Bakıda səfərdə olan Çingiz Əlləzov “Report”un suallarını cavablandırıb.
“Həmin vaxtdan bəri tam dəyişmişəm”
- Bakıya son səfəriniz zamanı demişdiniz ki, Marat Qriqoryana qarşı keçiriləcək döyüş üçün yaşayırsınız. Görüşə hazırsınız?
- Superbonla son döyüş məni dünya reytinqində bir nömrə etdi. Maratla döyüş isə mənim üçün revanş olacaq. Çünki 2013-cü ildə də, daha əvvəl də onunla görüşmüşdüm. Həmin vaxtdan bəri istər taktika, istərsə də zərbə üslubu baxımından tam dəyişmişəm. Ümumiyyətlə, əvvəllər kimə uduzmuşamsa, onların hamısına qalib gəlmək istəyirəm. Qriqoryandan da əvəz çıxmağa çalışacağam.
- Rəqibin taktikasına uyğun xüsusi hazırlığınız olub?
- Hər döyüşçüyə qarşı həm fərdi, həm də taktiki baxımdan hazırlaşırıq. Superbona görə Tailandda çox qaldım ki, tay üslubunu mənimsəyim. Qriqoryan Avropa üslubunda döyüşür, ona qarşı ağılla işləmək lazımdır. Belə rəqiblərə zərbələri vaxtında vurmalısan. Superbona qalib gəldikdən sonra yanvardan növbəti görüşün hazırlığına başladım. Üç ay əvvəl seçim etməyim üçün mənə 3 idmançı təklif etdilər, Marat Qriqoryanın adını verdim.
- Bu, həm də kəməri müdafiə döyüşüdür?
- Bəli, kəməri müdafiə görüşü olacaq. Karyeram üçün qələbə çox vacibdir. Çünki indiyə qədər uduzduğum bütün rəqiblərdən qisas almışam, qalıb təkcə Qriqoryan.
- Üz-üzə gəlməyi arzuladığınız başqa döyüşçü var?
- Açığı, hazırda yoxdur. İndi yalnız Qriqoryanla döyüşə köklənmişəm.
“İdmana başlayanda atam dedi ki, bu idman növü kişilər üçündür”
- MMA-da döyüşmək barədə fikrinizin olmadığını demisiniz. Kikboksinqin qlori növü də var. Bu daha yüksək səviyyədir, yoxsa tay?
- 70 kq çəkidəki bütün dünya çempionları indi “One Championship”dədirlər. Mən, Sittiçay Sitsonpenonq, Marat Qriqoryan və digərləri, bir sözlə, bütün ulduzlar burada mübarizə aparırlar. Kikboksinqdə “One Championship” dünyada bir nömrədir. Hətta müqavilələr də, sponsorluq anlaşmaları da burada çox güclüdür.
- Bir az keçmişə qayıdaq. Bu idman növünə maraq sizdə necə yarandı?
- Kikboksinqə 9 yaşımda başladım. İlk dəfə məni zala atam gətirmişdi. 2016-cı ildə artıq öz zallarımızı açdıq. Gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə, Tailandda da zal açmaq planımız var. İdmana başlayanda atam dedi ki, bu idman növü kişilər üçündür, kişi olmalısan. Artıq 12 yaşımda yeniyetmələr arasında dünya çempionu oldum. Ondan sonra atam söylədi ki, bu idman növü sənə lazım deyil, istəyirsənsə, elə-belə məşq et. Mən də dedim ki, idmansız yaşaya bilmərəm. O vaxtdan bütün diqqətimi idmana cəmləmişdim. Son üç ildə idmanla yanaşı, ailəmə də vaxt ayırıram.
“Azərbaycanla bağlı böyük planlarım var”
- Dediniz ki, müxtəlif ölkələrdə zal açmaq istəyirsiniz. Azərbaycanla bağlı belə bir planınız varmı?
- Azərbaycanla bağlı böyük planlarım var. Amma karyeramı bitirdikdən sonra. Çünki həmin planları həyata keçirmək üçün burada yaşamaq lazımdır. Böyük brendləri bura gətirmək, yerli idmançılara dəstək vermək istəyirəm. Təbii ki, Azərbaycanda zal açmaq da arzumdur. Burada federasiyalar mövcuddur, hamısı da yaxşı işləyir. Ancaq peşəkar səviyyəyə qalxmaq lazımdır ki, idmançılarımıza dünyada maraq yaransın, dəvətlər gəlsin. Bunun üçün səviyyəni artırmaq vacibdir. Azərbaycanda güclü idmançılar yetişməlidir ki, onları dünyaya göstərə bilək. Bizimkiləri indi ora buraxsaq, çox çətin olar.
- Azərbaycanda ümidverici idmançılar var?
- Əlbəttə ki, var. Balaca çempion Akif Quluzadə, Cabbar Mustafayev var. Amma o səviyyəyə yüksəlmək üçün indikindən on dəfə çox məşq etməlidirlər. Rəqibləri ilə eyni gücdə olmalıdırlar ki, rəqabət olsun və inkişaf etsinlər. Xəyal Caniyev, Alim Nəbiyev, Pərviz Abdullayev kimi dünya səviyyəli döyüşçülərimiz var. Düzdür, hazırda bizimkilərdən top-səviyyədə heç kim yoxdur. Xəyal artıq MMA-ya getdi. Alim yaxşı döyüşlərdən sonra “Top-5”ə düşə bilər. Azərbaycanda işi planlı şəkildə, düzgün istiqamətdə qurmaq lazımdır. Bu planları da bir günə qurmaq olmaz. Gənclər və idman naziri Fərid Qayıbov, eləcə də, federasiyalar kömək eləsələr, kikboksinqi birlikdə inkişaf etdirmək olar. Azərbaycanda böyük turnirlər keçirmək, ulduzlar gətirmək vacibdir.
“Son üç görüşümdən birini Azərbaycanda keçirməyi arzulayıram”
- Sizin hansısa döyüşünüzün burada keçirilməsi mümkündür?
- Hazırda müqaviləm var. Qriqoryanla döyüşdən sonra bir qədər dəyişiklik etmək istəyirəm. Son üç görüşümdən birini Azərbaycanda, birini Rusiyada, birini isə Belarusda keçirməyi arzulayıram. Hər üç ölkədə çoxlu fanatım var. Bu kəmərləri qazandıqdan sonra Vətənə gəlmək mənim üçün vacib idi. Azərbaycanda cəmi 4-5 dəfə olmuşam. Avropada daha çox tanınıram. Sittiçayı məğlub etdikdən sonra Asiyada da məni daha yaxşı tanımağa başladılar. Tailandın bir nömrəli idmançısına qalib gəlmək asan iş deyildi. Gəncədə, Naftalanda olanda insanların məni tanıdıqlarını müşahidə etdim. Rayonlarımızda gənc idmançılar yetişir. Niyə Belarusdakı uşaq turnirlərinə 980 idmançı qatılır? Avropa səviyyəli turnirdə 2500 nəfər yarışmışdı. Azərbaycanda da uşaq turnirləri təşkil etmək, rayonlardakı uşaqların Bakıya gəlmələrinə kömək etmək istərdim. Bunu ürəkdən edərəm. Bir çox ailələrin Bakıya gəlməyə imkanı yoxdur. Belarusda nazirlərlə birlikdə mənim adımı daşıyan böyük turnir keçirdik. 8-16 yaşlılar arasında yarışa 870 döyüşçü qatılmışdı. Bu, sırf “K-1”də idi. Vaxtı gələndə Bakıda da belə yarışlar təşkil etmək istəyirəm. Amma bunun üçün ilk növbədə sistem qurmaq lazımdır. Rayonlardan imkansız uşaqların Bakıya gəlməsinə kömək etmək istəyirəm.
- Son 3 döyüş dediniz. Karyeranızı bitirməyə hazırlaşırsınız?
- Qriqoryanla döyüşün ardından hər şeyi açıqlaya bilərəm. Superbonu məğlub edəndən sonra mənə dedilər ki, dünyada bir nömrəsən, indi nə edəcəksən? Bildirdim ki, qarşıdakı döyüşdən sonra qərarımı deyə bilərəm.
“Pul dalınca qaçan idmançı peşəkar deyil”
- Son 3 döyüşə kimləri rəqib kimi seçmək istərdiniz?
- Bu barədə nəsə demək çox çətindir. Mənim xüsusi müqaviləm var, böyük məbləğdə pul da versələr, gedib başqa yerdə döyüşə bilmərəm. Müqaviləm ola-ola başqa yerə getsəm, cəzalanaram. Belədə həm döyüşə bilmərəm, həm də 100-200 min dollar məbləğində cərimələnərəm.
- Həmişə xaricdə toplanışlarda olursunuz, yarışlara gedirsiniz. Ailədən uzaq qalmaq çətin olmur?
- Ailəm həmişə mənə dəstək olub. Mənə yaxın olduğunu deyən adam çox ola bilər, amma əsl dost azdır. Hər adamı öz əhatəmə buraxmıram. Artıq 21 ildir ki, idmandayam. Üç il əvvəl demişdim ki, sona qədər getməliyəm. Bizneslərim, restoranlarım var idi. Ancaq yenə də idmanda hər şeyə nail olmaq istədim. Ya idmanla, ya da bizneslə yaşamalısan. İkisini bir yerdə etmək olmaz. Bu yolda isə ailəm mənə çox dəstək oldu. Pul dalınca qaçan idmançı peşəkar deyil. “Top-3”də yaxşı pul verirlər. Amma ora da düşmək lazımdır. Nə qazanmışamsa, mənə bəs edir. Biznes, pul məsələsinə karyeramı bitirəndən sonra baxmaq olar.
- Müxtəlif idman növlərində dünya üzrə tanınmış azərbaycanlılar var. Onlarla əlaqə saxlayırsınız?
- Tofiq Mustafayevlə tez-tez görüşürük. Tofiq Azərbaycan idmanı üçün çox böyük işlər görür. Onun yer aldığı liqaya hər adam düşə bilmir. Onunla, Alimlə, Xəyalla, Pərvizlə dostuq. Hamıya böyük hörmətim var.
Rəylər