“Beynəlxalq Olimpiya Komitəsinin dünən iclası olub. Orada koronavirus məsələsinə də baxılıb. Tokio Yay Olimpiya Oyunları barədə təxirəsalma olmayacaq, Olimpiadanın azarkeşsiz keçirilməsi nəzərdə tutulmur. Hər şey nəzarət altındadır. Olimpiada nəzər tutulmuş qaydada keçiriləcək. Heç bir dəyişiklik olmayacaq”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, bir sıra yarışların təxirə salınmasının idmançıların hazırlıq planına təsir etməsinə də münasibət bildirib:
“Bu məsələlər idmançılara təsir edəcək. Amma bu, qlobal məsələdir. Bu, nə bizdən, nə də başqa şəxslərdən asılıdır. Ona görə də yarışlar təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma nəzərdə tutulmuş bütün tədbirlər keçiriləcək”.
MOK rəsmisi koronavirusun geniş yayıldığı İtaliya idmançılarının mart ayında Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı barədə də fikirlərini bölüşüb:
“Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər bir insandan tələb edəcəyik ki, sağlamlıq haqqında arayışla gəlsinlər. Sərhəddə hamı yoxlanılacaq. Əgər bu idmançı sağlamdırsa, yarışa qatılacaq. Sağlam deyilsə, hansısa şübhəli məqam varsa, əlbəttə ki, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu, bizim istəyimiz deyil, Dünya Səhiyyə Təşkilatının tələbidir”.
Səbuhi Musayev