San Paulunun “Arena Korintians” stadionunda “D” qrupunun ikinci turunda Uruqvay yığması İngiltərə ilə üz-üzə gəldi.
Oxu.Az xəbər verir ki, Luis Suarezin individual ustalığı sayəsində uruqvaylılar çox vacib qələbə qazandılar.
39-cu dəqiqədə Edinson Kavaninin ötürməsindən sonra Liverpulun hücumçusu başla topu Co Hartın qoruduğu qapıdan keçirdi.
Bundan sonra oyun tamamilə avropalıların nəzarəti altına keçdi. Bərabərlik topu isə oyunun 75-ci dəqiqəsində vuruldu. Runi dünya çempionatlarında ilk qolunu vurdu.
Lakin ingilislərin sevinci uzun çəkmədi. 85-ci dəqiqədə Suarez növbəti dəfə sübut etdi ki, bu gün o dünyanın ən güclü “doqquz” nömrəsidir. Qapıçı ilə təkbətək qalan hücumçu dəqiq zərbə ilə komandasının qələbə topunu vurdu.
Uruqvay ilk üç xalını qazandı və pley-offa çıxmaq üçün mübarizəni davam etdirir.
İlk iki oyunda məğlubiyyətə baxmayaraq, ingilislərin də qrupdan çıxmaq üçün şansları qalır. Bunun üçün İtaliya Kosta-Rika və Uruqvayı məğlub etməli, ingilislər özləri isə Kosta-Rikanı 2 və daha çox qol fərqi ilə məğlub etməlidirlər.
www.oxu.az