Futbol üzrə dünya çempionatında (DÇ) F qrupunun iştirakçılarını təqdim edirik.
Oxu.Az xəbər verir ki, bu qrupda Almaniya, Meksika, İsveç və Cənubi Koreya milliləri mübarizə aparacaq.
Almaniya
Dördqat və ən nəhayətində son dünya çempionları bir az da gəncləşmiş heyətlə dünya çempionatına gəliblər. İngiltərə çempionu Lerua Sanenin son anda millinin yekun heyətinə salınmaması komandanın hücum xəttinin cinahlarında nə dərəcədə rəqabətin olmasından xəbər verir. Yoaxim Lövün millisi qrupda müəyyən çətinlik çəkə bilər. Amma bu komandanın qrupda II yeri tutacağına heç kim inanmır. Son dörd yoxlama oyununda almanlar yalnız sonuncuda – Səudiyyə Ərəbistanı ilə görüşdə qələbə qazanıblar. Ancaq bu göstərici aldadıcı da ola bilər. Almanlar mundiallar zamanı bir başqa cür olur.
Qapıçılar: Manuel Noyer (“Bayern”), Mark-Andre Ter Şteqen (“Barselona”, İspaniya), Kevin Trap (PSJ, Fransa);
Müdafiəçilər: Jerom Boatenq, Mats Humels, Yozua Kimix, Niklas Züle (hamısı “Bayern”), Matias Qinter (“Borusiya” M), Yonas Hektor (“Köln”), Marvin Platenhardt (“Herta”), Antonio Rüdiqer (“Çelsi”, İngiltərə);
Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska, Sebastian Rudi (hər ikisi “Bayern”), İlkay Gündoğan (“Mançester Siti”, İngiltərə), Sami Kedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə);
Hücumçular: Mario Qomes (“Ştutqart”), Marko Roys (“Borussiya” D), Timo Verner (“Leypsiq”), Tomas Müler (“Bayern”).
Meksika
Kolumbiyalı Xuan Karlos Osorionun baş məşqçisi olduğu yığma heç şübhəsiz ki, mundiala ən rəng qatan komandalardandır. Son mundiallarda qrupdan çıxmağı bacaran, lakin 1/8 final səddinə ilişən Meksikanın bu dəfə II yeri əldə etməsi çətin görünür. Çünki həmin yerə İsveç də iddialıdır. Komanda hücum xəttində sabiq “Arsenal”lı Karlos Vela və eks “Mançester Yunayted”li, hamının Çikarito kimi tanıdığı Xavyer Ernandesin qol vurmaq bacarığına güvənir. İyunun 27-də keçiriləcək son turdakı Meksika – İsveç matçı qrupdakı taleyə aydınlıq gətirmək üçün həlledici görüş funksiyası daşıyacaq.
Qapıçılar: Xesus Korona (“Krus Asul”), Alfredo Talavera (“Toluka”), Qilyermo Oçoa (“Standard”, Belçika);
Müdafiəçilər: Edson Alvares (“Amerika”), Uqo Ayala (“Tiqres”), Xesus Qalyardo (UNAM), Miqel Layun (“Sevilya”, İspaniya), Ektor Moreno (“Real Sosyedad”, İspaniya), Dieqo Reyes (“Portu”, Portuqaliya), Karlos Salsedo (“Ayntraxt”, Almaniya);
Yarımmüdafiəçilər: Marko Fabian (“Ayntraxt”, Almaniya), Xonatan dos Santos (“Los Anceles Qalaksi”, ABŞ), Andres Quardado (“Betis”, İspaniya), Ektor Erera (“Portu”, Portuqaliya), Rafael Markes (“Atlas”);
Hücumçular: Covani dos Santos (“Los Anceles Qalaksi”, ABŞ), Xesus Korona (“Portu”, Portuqaliya), Xavyer Akino (“Tiqres”), Xavyer Ernandes (“Vest Hem”, İngiltərə), Raul Ximenes (“Benfika”, Portuqaliya), İrvinq Losano (PSV, Hollandiya), Oribe Peralta (“Amerika”), Karlos Vela (“Los Anceles”, ABŞ).
İsveç
Son iki DÇ-ni buraxmış skandinaviyalılar mundiala Zlatan İbrahimoviçsiz qatılıb. Artıq çoxları İbrahimoviçsiz bu millinin nəyə qadir olduğunu görüb. Seçmə qrupda Fransa millisinə qalib gələn, Hollandiyanı qrupda saxlayan yığma bununla kifayətlənməyib. “Tre Krunur” Hollandiyadan sonra İtaliyanın da mundialdan kənar qalmasına səbəb olub. Halbuki pley-offda İtaliya millisi favorit göstərilirdi. Komandanın vuran ayağı “Panatinaikos”la “Qəbələ”yə də qolmuş, hazırda BƏƏ-də çıxış edən Markus Berqdir. Bu futbolçunun oyunu alınanda onu dayandırmaq çətin olur. İsveçin qapıçısı Robin Olsen də bizə tanış qapıçıdır. Ötən mövsüm “Qarabağ” “Kopenhagen”i Çempionlar Liqasından kənarlaşdıranda məhz Robin Olsen danimarkalıların qapısını qoruyurdu. Həmçinin ucaboy cinah müdafiəçisi Mikael Lustiq “Seltik”lə vaxtı ilə “Qarabağ”a qarşı oynayıb. İsveçlilər DÇ-1958-in finalında Braziliyaya uduzdular. Həmin turnirdən 60 il keçir. Bu münasibətlə soyuqqanlı məşqçi Yane Andersonun komandasından final da olmasa, sürpriz gözləməyə dəyər.
Qapıçılar: Robin Olsen (“Kopenhagen”, Danimarka), Karl-Yuhan Yonsen (“Qenqam”, Fransa), Kristofer Nordfeldt (“Suonsi”, İngiltərə);
Müdafiəçilər: Mikael Löstiq (“Seltik”, Şotlandiya), Viktor Lindelöf (“Mançester Yunayted”, İngiltərə), Andreas Qrankvist (“Krasnodar”, Rusiya), Ludviq Auqustinson (“Verder”, Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi “Bolonya”, İtaliya), Pontus Yanson (“Lids”, İngiltərə), Martin Olson (“Suonsi”, İngiltərə);
Yarımmüdafiəçilər: Emil Forsberq (“Leysiq”, Almaniya), Viktor Klason (“Krasnodar”, Rusiya), Albin Ekdal (“Hamburq”, Almaniya), Sebastian Larson (“Hal Siti”, İngiltərə), Cimmi Durmaz (“Tuluza”, Fransa), Markus Roden (“Krotone”, İtaliya), Oskar Hilyemark (“Cenoa”, İtaliya), Qustav Svenson (“Sietl Saunders”, ABŞ);
Hücumçular: Ola Toyvonen (“Tuluza”, Fransa), Markus Berq (“Əl-Əyn”, BƏƏ), Yon Qvidetti (“Alaves”, İspaniya), İsaak Kise Telin (“Vasland-Beveren”, Belçika).
Cənubi Koreya
Dünya çempionatlarının daimi iştirakçısına çevrilmiş Cənubi Koreya heyətinə görə pis görünmür. Son Hınq-minin lideri olduğu komanda qrupda ancaq kiməsə badalaq vurmaq üçün çalışacaq. Komanda üçün bundan artıq yaşıl işıq görünmür.
Qapıçılar: Kim Sin Qyu (“Vissel”, Yaponiya), Kim Çjin Xen (“Serezo”, Yaponiya), Ço Xyun Yu (“Daequ”);
Müdafiəçilər: Kim Yen Qvon (“Quanqjou Everqrand”, Çin), Çan Xen Su (“Tokio”, Yaponiya), Pak Çu Xo (“Ulsan”), Li Yen (“Ceonbuk”), Ko Ye Xan (“Seul”), Kim Min Yu, Xon Çul (“Sancu Sanqmu”), Çon Sin Xen (“Saqan Tosu”, Yaponiya), Yun Yen Son (“Seonqnam”), Oh Ban Suk (“Cecu Yunayted”);
Yarımmüdafiəçilər: Ki Son Yen (“Suonsi”, İngiltərə), Ku Ca Çxol (“Auqsburq”, Almaniya), Li Co Son (“Ceonbuk”), Çon U Yen (“Vissel”, Yaponiya), Çu Se Çon (“Asan Muqunqva”), Mun Son Min (“İnçeon Yunayted”), Li Sin Bu (“Verona”, İtaliya);
Hücumçular: Son Hınq Min (“Totenhem”, İngiltərə), Kim Sin Uk (“Ceonbuk”), Xvan Xi Çxan (“Zalsburq”, Avstriya).
Səbuhi TOFİQOĞLU
www.oxu.az