Fransanın daxili işlər naziri Loran Nünes iyulun 14-də misli görünməmiş təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini açıqlayıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, o, bu barədə BFMTV telekanalının efirində danışıb.
Nazirin sözlərinə görə, həmin gün ölkə üzrə 70 min polis və jandarm xidmət aparacaq. Təkcə Parisdə ictimai asayişin qorunmasına 5 minə yaxın təhlükəsizlik əməkdaşı cəlb olunacaq.
Belə ciddi təhlükəsizlik tədbirləri iki mühüm hadisənin eyni günə təsadüf etməsi ilə əlaqədardır. Həmin gün Fransada Bastiliyanın alınması günü qeyd olunacaq, axşam isə ABŞ-də keçirilən DÇ-2026-nın yarımfinalında Fransa və İspaniya yığmaları qarşılaşacaqlar.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə Fransa yığmasının 1/4 finalda Mərakeş üzərində qələbəsini qeyd edən azarkeşlər arasında baş verən insidentlər səbəb olub. Nünes bildirib ki, həmin vaxt 89 nəfər saxlanılıb, ölkənin şimalında isə 17 yaşlı qız həlak olub.
"Heç bir iğtişaşa dözümlülük göstərilməyəcək", - deyə nazir ictimai asayişin pozulması və vandalizm cəhdlərinin dərhal qarşısının alınacağını vurğulayıb.
Yarımfinal günü hüquq-mühafizə qüvvələri həm Yelisey çöllərində keçiriləcək ənənəvi hərbi paradın təhlükəsizliyini təmin edəcək, həm də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyundan sonra baş verə biləcək iğtişaşların qarşısını almaq üçün səfərbər olunacaqlar.