Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.
Görüş boyunca üstün olan təmsilçimiz 5:1 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda dördüncü medalını qazanıb.
Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabı ilə qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə 2:4 hesabı ilə məğlub olaraq dünya çempionatını 5-ci yerdə başa vurub.
Beləliklə, millimizin cari mundialda qazandığı medalların sayı dördə çatıb.
Azərbaycanın daha üç güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, qadınlardan Günay Qurbanova (59 kq), sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.
Bundan əlavə, bu gün digər iki sərbəst güləşçi medal qazana bilər. Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medal əldə ediblər. Mundial sentyabrın 21-də başa çatacaq.