Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti medalı qazanıb.
Son olaraq, 97 kq-da çıxış edən Arif Niftullayev fəxri kürsüyə qalxıb.
Bürünc medal görüşündə İtaliya təmsilçisi Nikolos Kakelaşviliyə 2:1 hesabı ilə qalib gələn idmançı dünya üçüncüsü olub.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının mundialda qazandığı medalların sayı 5-ə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, sentyabrın 13-də Azərbaycanın daha 3 təmsilçisi dünya çempionatında mükafat qazana bilər.
Təsəlliverici görüşlərdə yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) Yustias Petraviçyus (Litva) / Ahmed Mahmud (Misir) cütünün qalibi, Sabah Şəriəti (130 kq) Alimxan Sidikovla (Qazaxıstan) qarşılaşacaq. Qadın güləşçilərdən isə Tatyana Omelçenko (62 kq) Xiaojuan Luonu (Çin) sınağa çəkəcək.
21:28
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az-ın məlumatına görə, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə türkiyəli Murat Fırata 8:2 hesabı ilə qalib gəlib.
20:36
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 63 kiloqramda yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.
Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
