Bu gün Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatında millimiz dörd medal qazanıb.
Oxu.Az xəbər verir ki, daha üç idmançımızın qazandığı medalın əyarı müəyyənləşib.
Əfqan Xaşalov III yer uğrunda qarşılaşmada Rusiya güləşçisi Ramiz Həmzətovla qarşılaşıb. Gərgin keçən görüşdə əzmkarlıq nümayiş etdirən Əfqan son saniyələrdə qazandığı xallarla dünya çempionatında ilk medalımızı hesabımıza yazıb - 5:2.
Davud İbrahimov da bürünc medal qazanıb. İran pəhləvanı Əmirhüseyn Əli Hüseyni ilə həlledici qarşılaşma elə ilk hissədə başa çatıb. Hesab 2:2 olarkən gözəl fənd tətbiq edən təmsilçimiz “tuşe” ilə qalib gələrək dünya üçüncüsü olub.
Əbubəkr Abakarov isə finalda uduzub. Həlledici qarşılaşmaya çox yaxşı başlayan Abakarov 4:2 qalib gələrkən çevirmə fəndi edəndə səhvə yol verib və gürcü həmkarı Tariel Qaprindaşviliyə uduzub. Dağıstanlı legionerimiz gümüş medalla kifayətlənib.
22:04
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Turan Bayramov (65 kq) finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək çempion olub.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib.
Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb.