Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dünya çempionatında iştirak edəcək daha bir yığma müəyyənləşdi
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) daha bir yığmanın iştirakı dəqiqləşib.
Oxu.Az xəbər verir ki, Yeni Zelandiya yığması Okeaniya zonası üzrə seçmə mərhələnin qalibi olub.
Bu kollektiv bir az əvvəl başa çatan həlledici görüşdə Yeni Kaledoniyanı məğlub edib - 3:0. Yeni zelandiyalılar yalnız ikinci hissədə (61-ci, 66-cı və 80-ci dəqiqələrdə) rəqibin müqavimətini qıra biliblər. Əks təqdirdə, FIFA-nın reytinqində 152-ci pillədə qərarlaşan Yeni Kaledoniya dünya çempionatına çıxa bilərdi (müqayisə üçün: Azərbaycan FIFA reytinqində 117-ci yerdədir).
Beləliklə, Yeni Zelandiya milli komandası tarixində üçüncü dəfə DÇ-nin final mərhələsinə yüksəlib. Bundan öncə, yığma 1982 və 2010-cu illərdə planetin ən mötəbər futbol yarışına qatılıb.
Yeni Zelandiya DÇ-2026-da iştirak hüququna yiyələnən 5-ci yığma olub. İndiyədək ABŞ, Kanada və Meksikanın meydan sahibi qismində turnirdə oynayacağı dəqiq idi. Yaponiya yığması isə martın 20-də Asiya zonasından vəsiqəni rəsmiləşdirib. Dünya çempionatında ümumilikdə 48 kollektiv iştirak edəcək.