FIFA 2026-cı il dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqanın diskvalifikasiyasının təxirə salınması ətrafında yaranan qalmaqalın təkrarlanmaması üçün qaydalara dəyişiklik etməyi planlaşdırır.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, təklif olunan dəyişiklik qırmızı vərəqəyə görə avtomatik verilən biroyunluq cəzanın sonradan dayandırılmasının qarşısını almağı nəzərdə tutur.
Məsələ bu gün Sürixdə keçiriləcək FIFA Şurasının iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Baloqan dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovina ilə görüşün 64-cü dəqiqəsində rəqib futbolçu Tarik Muxaremoviçə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə almışdı. ABŞ millisi həmin matçda 2:0 hesabı ilə qalib gəlsə də, hücumçu növbəti oyunu buraxmalı idi.
Lakin ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinodan xahişindən sonra FIFA-nın intizam komitəsi cəzanın icrasını dayandırmış və futbolçu Belçikaya qarşı 1/8 final matçında meydana çıxmaq imkanı qazanmışdı. ABŞ yığması həmin görüşdə 1:4 hesabı ilə məğlub olmuşdu.
Qərar futbol ictimaiyyətində ciddi narazılığa səbəb olmuşdu. UEFA da bəyanat yayaraq biroyunluq avtomatik cəzanın dayandırılması qərarını tənqid etmişdi.