Şose velosipedi üzrə dünya çempionatının yeri dəyişdirilib.
Beynəlxalq Velosipedçilər İttifaqının saytına əsasən, dünya çempionatı 24-27 sentyabr tarixlərində İtaliyanın Emilya-Romanya regionunda yerləşən İmola şəhərində keçiriləcək.
Ancaq pandemiya ilə əlaqədar uçuşların çətinliyi üzündən, dünya çempionatında gənc və 23 yaşadək (U-23) velosipedçilər iştirak edə bilməyəcək. Yalnız Elit (böyüklər) velosipedçilərə icazə veriləcək.
Bu yarışda Tokio Olimpiadasında ölkəmizi təmsil edəcək Elçin Əsədov da iştirak edə bilər. Lakin iştirak sual altındadır. Bu barədə Oxu.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev bildirib:
“Bildiyiniz kimi, ötən ay Fransada keçirilmiş Avropa çempionatında iştirak edə bilmədik. Səbəb Fransa hökumətinin Azərbaycandan gələn nümayəndə heyətini 10 günlük karantinə almaq tələbi idi. Buna görə də həmin yarışa qatılmadıq.
İndi biz İtaliyada da həmin tələbin olub-olmamasını müəyyənləşdirməyə çalışırıq. Əgər ora gedəndə karantinə alınmasaq, iştirak edəcəyik, əks halda imtina edəcəyik”.
O, kvota kimi dünya çempionatında Azərbaycana bir yer ayrılacağını bildirib. Lakin bu say çox da ola bilər:
“Elçin Əsədov hazırda Türkiyədə beynəlxalq yarışdadır. Əgər dediyim səbəbdən ora getməyimiz alınsa, o zaman 99% Elçin Türkiyədən İtaliyaya yola düşəcək. Ümid edirik ki, pandemiyaya görə bəzi ölkələrin iştirak etməməsinə görə bizə daha bir yer ayrılar”.
Qeyd edək ki, dünya çempionatı əvvəl İsveçrədə olmalı idi. Lakin avqustun 12-də İsveçrə bu yarışı keçirməkdən imtina etmişdi. Səbəb isə bu ölkədə sentyabrın 30-dək kütləvi tədbirlərin keçirilməsinin qadağan olunması idi.
Səbuhi Musayev