Bu gün İspaniya və Argentina arasında futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu baş tutacaq.
Oxu.Az RBK-ya istinadən mundiallar tarixindəki final matçlarının rekordlarını xatırladır.
Ən tez vurulan qol
1974-cü il birinciliyində niderlandlı Yohan Neeskens Almaniya (AFR) yığmasının qapısına dünya çempionatları finallarının ən tez vurulan qoluna imza atıb - bunun üçün ona cəmi 88 saniyə lazım olub. Niderland millisi top Yohan Kroyfa çatana qədər öz aralarında 16 ötürmə etməyə imkan tapıb. Kroyf cərimə meydançasına daxil olarkən Uli Höness ona qarşı qaydanı pozub və Dünya Kuboku finalları tarixindəki ilk penalti təyin edilib. Neeskens penaltini dəqiq yerinə yetirib. Buna baxmayaraq, matç almanların xeyrinə başa çatıb (2:1).
Finalda toxunulmaz qapı
1990-cı ildə AFR mundialın finalında Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq qapısını toxunulmaz saxlayan ilk ölkə olub. Komandanın qəhrəmanı isə 23 yaşlı qapıçı Bodo İllqner olub. O, bu günə qədər final matçında qapısını toxunulmaz saxlayan ən gənc qapıçı olaraq qalır.
Səfər formasında uğursuzluqlar

1966-cı ildə İngiltərə qırmızı (səfər) formada AFR-ə 4:2 hesabı ilə qalib gəlib. Bundan sonra uzun müddət heç kim bu ənənəni - səfər formasında oynayanların uduzması ənənəsini - poza bilməyib.
2010-cu ildə isə İspaniya finallarda səfər dəstlərində çıxış edən komandaların 44 illik məğlubiyyət seriyasına son qoyub. İspanlar bu uğursuzluq zəncirini Niderlandla oyunda qırmağa nail olublar (1:0).
Eyni millinin oyunçuları arasında ən böyük yaş fərqi
Komanda yoldaşları arasında ən böyük yaş fərqi İtaliya millisində qeydə alınıb - 22 yaş. 1982-ci ilin finalında 18 yaşlı müdafiəçi Cüzeppe Berqomi 40 yaşlı qapıçı Dino Zoffla birlikdə çıxış edib.
İlk het-trik
İngiltərəli Ceff Herst dünya çempionatının final matçında het-trik edən ilk futbolçu olub. Hücumçu 1966-cı il mundialının finalında AFR yığmasının qapısına üç qol vurub (4:2).
Heyətlərdə ən böyük fərq

1958-ci il dünya çempionatında İsveçlə final matçının start heyətində Braziliya millisinin həmin mundialda Avstriyaya qarşı keçirdiyi ilk oyunda meydana çıxmayan beş futbolçusu yer alıb. Bu, çempion komanda üçün turnirin ilk və son matçlarının heyətləri arasındakı ən böyük fərq olaraq qalmaqdadır.
Müdafiəçi Calma Santos, yarımmüdafiəçi Zito və hücumçular Qarrinça, Pele və Vava start heyətində turnirin gedişatında yer almağa başlayıblar. Braziliyanın İsveç üzərində 5:2 hesablı qələbəsi turnir tarixində hələ də ən məhsuldar final matçı olaraq qalır.
Üç finalda çıxış edən yeganə oyunçu

Braziliyalı hücumçu Kafu dünya çempionatının üç finalında oynamış yeganə futbolçudur. Özünün ilk mundialında - 1994-cü ildə İtaliyaya qarşı matçın (0:0, penaltilərlə 3:2) ilk hissəsində zədələnən Jorjinyonu əvəzləyib, 1998-ci ildə Fransa ilə oyunda (0:3) iştirak edib və nəhayət, 2002-ci ildə Almaniyaya qarşı finalda (2:0) komandanın kapitanı olub və braziliyalılar çempionluğu bayram ediblər.
İki finalda qol vuran futbolçular
Braziliyalılar Vava (1958 və 1962), Pele (1958 və 1970), alman Paul Braytner (1974 və 1982), fransızlar Zinəddin Zidan (1998 və 2006) və Kilian Mbappe (2018 və 2022) dünya çempionatlarının iki finalında qol vuran yeganə oyunçulardır.
İki fərqli ölkənin şərəfini qorumaq
Yarımmüdafiəçi Luis Monti dünya çempionatlarının finallarında iki fərqli ölkənin heyətində çıxış edən yeganə oyunçudur. 1930-cu ilin ilk turnirində o, doğulduğu ölkənin - Argentina millisinin heyətində oynayıb. Həmin vaxt argentinalılar finala qədər yüksəlsələr də, Uruqvaya 2:4 hesabı ilə uduzublar.
Artıq 1931-ci ildə o, Turinin "Yuventus" klubuna keçib və İtaliya vətəndaşlığını qəbul edib. 1934-cü il mundialında Monti İtaliya millisinin heyətində çıxış edib və italyanlar finalın əlavə vaxtında Çexoslovakiya yığmasına 2:1 hesabı ilə qalib gəliblər.