Fransa Xizək İdmanı Federasiyasının (FFS) İntizam Komitəsi biatlonçu Julya Simonu beş ayı şərti olmaqla altı ay müddətinə yarışlardan kənarlaşdırıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, qərar bu gündən qüvvəyə minib. Eyni zamanda, idmançıya 30 000 avro məbləğində cərimə kəsilib.
Bu səbəbdən 29 yaşlı idmançı 29 noyabr - 7 dekabr tarixləri arasında İsveçin Östersund şəhərində keçiriləcək biatlon üzrə Dünya Kubokunun ilk mərhələsini buraxacaq.
Qeyd edək ki, bank kartları ilə bağlı insident 2022-ci ildə keçirilən xizək festivalında baş verib. Simon internetdə alış-veriş etmək üçün başqalarının bank kartlarından istifadə etməkdə ittiham olunub. Araşdırma nəticəsində istintaq, biatlonçunun fransız həmkarı Breza-Buşe də daxil olmaqla, üç nəfər zərərçəkəni müəyyən edib. İdmançı daha əvvəl oğurluq etdiyini etiraf edib.
Xatırladaq ki, Julya Simon 2022-ci il Qış Olimpiya Oyunlarında qarışıq estafetdə gümüş medal qazanıb. O, həmçinin ümumi hesabda Dünya Kubokunun və 2022/23 mövsümündə təqib yarışları və kütləvi startlar hesabında iki kiçik Dünya Kubokunun sahibidir.