"Ötən doqquz ayda əsas kapitala 13 milyard manat vəsait yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real həcmi 7% yüksəlib. Özəl qeyri-neft-qaz investisiyaları 10.8 faiz artıb və qeyri-neft-qaz ÜDM-in artım tempini 3.7 dəfə üstələyib".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, strateji valyuta ehtiyatları isə 2018-ci ilin sonundan 2025-ci ilin 1 oktyabrınadək 1.8 dəfədən çox artaraq 81.5 milyard ABŞ dolları təşkil edib:
"Bu, cari il üzrə gözlənilən ÜDM-in səviyyəsindən çoxdur".
Mərahim Nəsib