Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünya rekordunu qırmaq istəyən azərbaycanlı Herakl - FOTO/VİDEO
O, sinifdə ən zəif şagird idi, hətta qızlar da ona sataşırdılar. Lakin bir gün anasına söz verdi ki, ən güclü oğlan olacaq. Kiçik oğlanın bu sözünə o zaman heç kim inanmadı. Lakin...
Oxu.Az bu gün sizi Azərbaycanın ən güclü insanlarından biri, stronqman (World's Strongest Man) idman növü üzrə Azərbaycan çempionu Aydın Hümbətovla tanış edir.
İnsan iradəsinin gücü və arzuya çatmaq əzmi bir insanın həyatını tamamilə dəyişə bilər.
2000-ci illər. Aydın saatlarla evlərində məşq edir. Heç kim görüb gülməsin deyə, o, məktəbin həyətinə gecələr gedir, saatlarla öz üzərində çalışırdı. Üç il belə davam etdi. Xarici görünüşü də dəyişdi, gücü-qüvvəsi artdı.
Artıq yuxarı siniflərdə oxuyanda tay-tuşları ona söz deməyə, xətrinə dəyməyə ehtiyat edirdilər. O, Herakla bənzəyirdi.
Məktəbi bitirdikdən sonra o, Naxçıvanski adına hərbi liseyə daxil oldu və məşqlərini orada davam etdirdi.
O içmir, siqaret çəkmir, nümunəvi həyat tərzi ilə fərqlənirdi.
“Dostlarım məni dilə tutdular ki, pauerliftinq üzrə ölkə çempionatında iştirak edim. Mən bir neçə dəfə iştirak etdim və mükafata layiq görüldüm. Peşəkar olmasam da, peşəkarlara qalib gəldim”, - deyə Aydın bildirir.
2018-ci ilin aprel ayında Azərbaycanda Strongest Man Federasiyası yaradıldı. Hümbətovun bu idman növünə xüsusi marağı var idi.
“Mən telekanallarda bu idman növü üzrə göstərilən bütün proqramları izləyirdim. Sonra bunu öz üzərimdə sınamağa qərar verdim. Maşın bazarı ərazisində köhnə avtomobil şinləri yığılmış yer var, ora gedib məşq etməyə başladım. Bir neçə kişinin qaldıra bilməyəcəyi böyük təkərləri qaldırırdım. Hər dəfə mən məşq edəndə adamlar ətrafıma yığılıb, tamaşa edirdilər”.
Aydının rekordlarını yeniləmək ölkədə heç kimə qismət olmayıb. O, çiynində 400 kiloqram yük daşıyıb. İkinci rekordu da heyrətləndirir. Sürətli yerişlə 323 kiloqramlıq yük daşıyıb. Nəzərə alaq ki, onun öz çəkisi 100 kiloqramdan bir qədər çoxdur.
“Mən dünya rekordu qırmaq istəyirəm. Həyatda qorxduğum tək şey travma alıb məşqlərimi davam etdirə bilməməkdir. Bu, mənim üçün ölümə bərabərdir”, - deyir qəhrəmanımız.
Öz həyatımızı özümüz qururuq. Kimlərsə varlı ailədə doğulur, lakin narkomaniyanın əsiri olur, kimlərsə axına qarşı üzür, həyatla mübarizə aparır. Bizim qəhrəmanımız əzmin və mətanətin simvoludur.
Ə.Ş.
www.oxu.az
Rəylər