Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında hədəflərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, 35 yaşlı idmançı yenə komanda hesabında birinci olmaq istədiklərini deyib:
“Azərbaycanın yunan-Roma güləşi tarixində belə titullu komanda olmayıb. Avropa və dünya çempionatı, eləcə də, Yay Olimpiya Oyunları digər yarışlardan fərqlənir. Bu məsuliyyəti tam dərk edirik. Qitə birinciliyinə nə üçün yollanacağımızı yaxşı bilirik. Ötən il komanda hesabında Avropa çempionu olmuşduq. Bu il də həmin uğuru təkrarlamaq istəyirik. Təbii ki, çətin olacaq. Təlim-məşq toplanışlarında səylə iştirak edirik. Yüksək səviyyəli kollektivə malikik. 55 kq-dan 130 kq çəkiyə qədər hamı böyüklərin yarışlarında medalçılar sırasındadır. Bəziləri dünya və Avropa çempionu, bəziləri olimpiya mükafatçılarıdır. Bu baxımdan uğurlu çıxış etməyə borcluyuq”.
Zədəsi yeni sağalan Avropa və dünya çempionu özünü qitə birinciliyinə hazır hesab edir:
“Zədələr daim bizi izləyir. Bu, yenilik deyil, öyrəşmişik. Dekabrda əməliyyat olunanda həkimlər vəziyyətin ciddi olduğunu demişdilər. Buna baxmayaraq, müalicə kursları keçdik. Milli Gimnastika Arenasında fizioterapevtimizin köməyi ilə müalicə olundum. Ondan sonra hazırlığa qatılmışam. Məşqlər onu göstərir ki, optimal səviyyədə olmasam da, yarış üçün hazır vəziyyətdəyəm”.
Rafiq Hüseynov güləşçilərin bu il Polşada təşkil olunacaq III Avropa Oyunlarına qatılmamalarına da münasibət bildirib:
“Avropa Oyunları olan ildə Avropa çempionatının keçirilməməsinə düzgün baxmıram. Çünki fərqli yarışlardır. Məsələn, Asiya Oyunları olan ildə Asiya çempionatı keçirilib. Təəssüf ki, bu il Avropa Oyunlarında iştirak etməyəcəyik. Amma belə mötəbər turnirdə mübarizə aparmağı, komanda şəklində sözümüzü deməyi istərdim. Hər bir idmançı daha çox yarışda iştirak etməyi arzulayır. Ancaq qərar belə olub, bizdən asılı olan şey deyil”.
Avropa çempionatı aprelin 17-dən 23-dək baş tutacaq.