Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın yığmanın bəzi futbolçularının telefon zənglərinə cavab verməməsi iddialarına aydınlıq gətirib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çalışdırıcı milli üzvləri ilə təkbətək görüntülü danışıqlar apardıqlarını qeyd edib. Mütəxəssis əlaqə saxlamadıqları və ya özünə geridönüş etməyən heç bir oyunçunun olmadığını bildirib.
S.Yalçın televiziya proqramlarındakı çıxışlarının futbolçulara mənfi təsir göstərmədiyini də vurğulayıb:
"Bu əhvalatları haradan uydururlar, bilmirəm. Futbolçular əvvəlki açıqlamalarıma fikir vermirlər, çünki həmin açıqlamaları ekranda bir az da şou məqsədilə etmişik. Bu gün ekranda deyil, meydandayıq. Futbolçular da bunu çox yaxşı bilirlər. Milli komandanın vacib oyunları öncəsi əhvali-ruhiyyəni pozmağa çalışmağın kimsəyə faydası yoxdur".
Xatırladaq ki, daha əvvəl Türkiyə Futbol Federasiyası (TFF) yığmanın bəzi futbolçularının Sergen Yalçının telefon zənglərinə cavab vermədiyi ilə bağlı iddiaları təkzib etmişdi.