Bu gün futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, 1/2 finalın ilk görüşü “El Klasiko” ilə əlamətdar olacaq.
Yaxın keçmiş
“Barselona” Kataloniyada əzəli rəqibi olan Madrid “Real”ını qəbul edəcək. Bu, tərəflərin cari mövsüm ikinci görüşü olacaq. Belə ki, tərəflər İspaniya La Liqasında artıq bir dəfə üz-üzə gəlib. Həmin matç da “Kamp Nou”da baş tutub.
Oktyabrın 28-də keçirilmiş görüşdə “Barselona” Madrid komandasını 5:1 hesabı ilə darmadağın edib. Əli sındığı üçün oynamayan Lionel Messinin fonunda uruqvaylı hücumçu Luis Suares het-triklə yadda qalmışdı.
Bundan əvvəlki dörd görüş isə belə başa çatıb: “Barselona” – “Real” (2:2), “Real” – “Barselona” (0:3), “Real” – “Barselona” (2:0), “Barselona” – “Real” (1:3). Son iki matç İspaniya Super Kuboku çərçivəsində baş tutub.
Zədəlilər
Elə bu dəfə də argentinalı ulduzun oynaması sual altındadır. Çünki o, şənbə günü “Valensiya” ilə görüşdə (2:2) baldır nahiyəsindən zədə alıb. Messi dünəndən məşqlərə başlasa da, onun bu matçda iştirakı son dəqiqəyə kimi sual altındadır. Bununla belə, onun adı heyətə daxil edilib. Bunu “Barselona”nın baş məşqçisi Ernesto Valverde dünən keçirdiyi mətbuat konfransında açıqlayıb.
Həmçinin “Barselona”nın fransalı cinah hücumçusu Usman Dembelenin də bu matçı buraxacağı gözlənilir. Çünki o, dizaltı vətərdən aldığı zədədən bərpaolunma prosesi keçir. Qarşı tərəfdə isə 22 yaşlı mərkəz müdafiəçisi Xesuz Valyexonun oynamayacağı dəqiqdir. O, əzələsindəki zədəyə görə komandadan ayrı çalışır.
Messi yoxdursa, “Barselona” üçün problem yoxdur
Ancaq bir məqam da qeyd olunmalıdır. Belə ki, Lionel Messinin “Real”a qarşı oynamadığı üç görüşdə “Barselona”nın ortalama qol kəmiyyətinin daha yüksək olduğu vurğulanmalıdır. Sonuncu 5:1 hesablı matç da məhz buna bir sübutdur.
TV
Bu görüşü Azərbaycan telekanallarından göstərən olmayacaq. Lakin Rusiyanın “Matç TV” telekanalı vasitəsilə görüşü canlı izləmək imkanı əldə edəcəyik.
Qeyd edək ki, bu, kubokda tərəflərin ilk görüşüdür. Cavab oyunu Madriddə fevralın 27-də baş tutacaq. Həmçinin tərəflər yenidən “Santyaqo Bernabeu”da martın 2-də üz-üzə gələcək. Bu dəfə komandalar çempionat çərçivəsində qarşılaşacaq.
Səbuhi MUSAYEV