"Araz-Naxçıvan"da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi".
Oxu.Az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan Kubokunun final matçından sonra jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti, futzal üzrə PFL klubunun baş məşqçisi Elxan Səmədov deyib.
"Həyatımın ən gözəl anlarından birini yaşayıram. Öncə də demişdim ki, "Araz Naxçıvan"la oynamaq artıq fəxrdir. Çox çalışmışdıq və bəxt də bizim tərəfimizdə oldu. "Araz-Naxçıvan"da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi. Yoxsa qalib gəlmək mümkün olmazdı.
Həmişə demişəm ki, Azərbaycanda futzal çox sevilir. Burada da federasiya prezidenti Zaur Axundovun əməyi danılmazdır. Oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/16 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşdu. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Futbol mənim tək işim deyil, həyatımdır. Bu gün çox xoşbəxtəm. Diqqət göstərən, təbrik edən hər kəsə həm öz, həm də komandam adından sonsuz təşəkkür edirəm".
Anar Həsənov