Azərbaycanın əməkdar artisti Elza Seyidcahanın avqust ayında futbol üzrə milli komandamızın 2014-cü il Dünya Çempionatı barədə verdiyi proqnoz özünü doğrultmaqdadır.
Oxu.Az xəbər verir ki, avqust ayında New Baku Post qəzetinə müsahibə verən müğənni deputat olmaq istəyi ilə yanaşı həm də futbol üzrə milli komandamızla bağlı bəzi proqnozlar vermişdi.
Müsahibəsində E.Seyidcahan 7 oyundan sonra cəmi 4 xal toplamış və ehtiyatda 3 oyunu qalan komandamızın yekunda 9 xal toplayacağını bildirmişdi. O, jurnalistin bunun bir qədər qeyri-real olduğu barədə proqnozunu isə belə cavablandırmışdı:
“Düşünürəm ki, qalan oyunlarda əvvəlkilərdən çox xal toplayacağıq. Mənim proqnozum – yekunda 9 xal götürəcəyik. Düşünmürəm ki, bu, qeyri-realdır. Mənim proqnozum – 9 xal”.
Qeyd edək ki, dünən Şimali İrlandiya yığması üzərində qələbədən sonra Azərbaycan daha 3 xal toplayaraq, xal ehtiyatını 8-ə çatdırıb. Komandamızın ehtiyatda daha 1 oyunu qalıb. Oktyabrın 15-də Rusiyaya qarşı keçirilən matçda millimiz heç-heçə edərsə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 9 xal toplamış olacaq.
Beləliklə, güman etmək olar ki, Azərbaycanın ən ekstravaqant müğənnisi Elza Seyidcahanın həm də ekstrasenslik qabiliyyəti var.